Ağstafa-Bakı marşrutu üzrə ultramarafon yürüşünə start verilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə ultramarafon yürüşünə start verilib.

Azərbaycanda, eləcə də ölkəmizdən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev beş gün ərzində 465 kilometrlik məsafəni qət edəcək.

Yürüş bu gün Ağstafa şəhərində Heydər Əliyevin abidəsi önündən başlayıb. Bu münasibətlə təşkil olunmuş tədbirin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, A.Əliyev ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 kilometrlik məsafəni qət edəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq. Atlet Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət etməklə yürüşü başa vuracaq.

Xəbər 185 dəfə oxundu.