Rotterdamda Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri keçirilib
Niderland Krallığının Rotterdam şəhərində yerləşən Qarabağ idman klubunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş uşaqlar arasında şahmat turniri keçirilib. Turnirdə 5-10 və 11-15 yaş arasında olan uşaqlar iştirak ediblər.

Şahmat turniri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov turnir, onun məqsədləri və əhəmiyyətindən söz açıb.

Sonra turnirə start verilib. Uşaqların böyük sevgi ilə qatıldığı turnir 4 saat davam edib. Turnirdə 5-10 yaşlı uşaqlar arasında Cəfər Cəfərov 1-ci yeri tutub. Emir Adsalmış və Əmir Ələkbərov 2-ci və 3-cü yerləri bölüşüblər. 11-15 yaş kateqoriyasında isə Mehmet Erene Tunçer turnirin qalibi olub. Məleykə Məmmədova və Hüseyn Bulaca 2-ci və 3-cü yerləri bölüşüblər.

BAK sədri E.Məmmədov qalibləri təbrik edərək, belə turnirin önəmini vurğulayaraq, onun Niderland Krallığında yaşayan soydaşlarımızı, eləcə də türk icması üzvlərini bir araya gətirməkdə vacibliyini qeyd edib və gələcəkdə belə turnirlərin ənənə halına çevriləcəyini vurğulayıb.

Niderlandda yaşayan soydaşlarımız, türk və digər icmaların nümayəndələri turniri maraqla izləyiblər.


Xəbər 127 dəfə oxundu.