Qadın və kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”na start verilib | |
Aprelin 25-də qadın və kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”na start verilib. Ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar iki arenada təşkil olunub. Qadınların yarışında “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa”, UNEC, “Azərreyl”, “Abşeron”, “Murov”, kişilərin mübarizəsində isə “Təhsil”, “Xarı bülbül-2 Şuşa”, MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” kollektivləri çıxış edirlər. Olimpiya sistemi ilə keçirilən və 4 gün davam edəcək yarışın ilk günündə məğlub olan komandalar kubok uğrunda mübarizəni dayandırıblar. Günün nəticələrinə görə kişilərin mübarizəsində "Murov" və MOİK yarımfinala yüksəliblər. “Hərbi İnstitut” və “Express” komandaları müəyyən səbəblərdən son anda mübarizəyə qoşulmadıqlarına görə “Neftçi” və “Xarı bülbül Şuşa” klubları reqlamentə uyğun olaraq mübarizəyə birbaşa yarımfinaldan başlayacaqlar. Qadınların yarışında isə "Abşeron", "Azərreyl" və UNEC növbəti mərhələyə adlayıblar. “Azərreyl-2” müəyyən səbəblərdən turnirdə iştirak etmədiyi üçün "Murov" klubu reqlamentə uyğun olaraq birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq. Oyunlardan sonra yarımfinal mərhələsinin püşkü atılıb. Aprelin 26-da və 27-də Voleybol Mərkəzində baş tutacaq yarımfinalda ilk gün qadınlar, növbəti gün isə kişilər finalçıları müəyyən edəcəklər. Beləliklə, aprelin 26-da saat 14:00-da "Abşeron” - “Murov” ardınca, saat 16:00-da isə “Azərreyl” - UNEC qarşılaşmaları baş tutacaq. Kişi voleybolçuların yarımfinal mərhələsində saat 16:00-da meydançaya “Xarı bülbül Şuşa” - “Neftçi” , iki saat sonra isə “Murov” və MOİK cütləri çıxacaqlar. Oyunların nəticələri 25.04.2023 Qadınlar “Ryuga” - “Abşeron” 0:3 “Murov-2” - “Azərreyl” 0:3 “Xarı bülbül Şuşa” - UNEC 0:3 25.04.2023 Kişilər “Xarı bülbül-2 Şuşa” - “Murov” 0:3 “Təhsil” - MOİK 2:3 Növbəti oyunlar 26.04.2023 Yarımfinal (qadınlar) 14:00 “Abşeron” - “Murov” 16:00 “Azərreyl” - UNEC Məkan: Voleybol Mərkəzi 27.04.2023 Yarımfinal (kişilər) 16:00 “Xarı bülbül Şuşa” - “Neftçi” 18:00 “Murov” - MOİK Məkan: Voleybol Mərkəzi 28.04.2023 16:00 Final (qadınlar) (CBC SPORT-canlı) 18:00 Final (kişilər) (CBC SPORT-canlı) Oyunlardan sonra turnirin bağlanış mərasimi Məkan: Voleybol Mərkəzi |
|
Xəbər 144 dəfə oxundu. |
|
|