Tələbələr arasında futzal üzrə turnirin yarımfinal mərhələsinə yekun vurulub
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş futzal turnirinin yarımfinal mərhələsi yekunlaşıb.

Yarımfinal oyunlarının nəticələrinə əsasən, Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universiteti üçüncü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti birinci yer uğurunda mübarizə aparacaqlar. Oyunlar mayın 3-də Bakı İdman Sarayında keçiriləcək.

Yarış ilk üç yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Çempionatda fərqlənən üç tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

Qeyd edək ki, yarış Elm və Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Aprelin 1-dən start verilən oyunlarda 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları mübarizə aparıblar.

Çempionatın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin irsinin aşılanması, yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasıdır.

Xəbər 116 dəfə oxundu.