Azərbaycanın üç idmançısı yunan-Roma güləşi üzrə Avropa çempionatının yarımfinalına yüksəlib
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Çempionatın altıncı günündə - aprelin 22-də son beş çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Milli komandamızın üzvü Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabı ilə uduzub.

Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Güləşçimiz dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşıb və rəqibinə qalib gəlib. Güləşçimizin növbəti rəqibi Türkiyə idmançısı Murat Fırat olacaq.

Ülvi Qənizadə (72 kq) səkkizdəbir finalda ukraynalı Andrey Kulikə 4:1 hesabı ilə qalib gəlib. Ü.Qənizadə dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla üz-üzə gələcək.

Üçqat Avropa çempionumuz Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. Güləşçimiz dörddəbir finalda ermənistanlı Samvel Qriqoryan ilə gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. R.Hüseynov yarımfinalda türk Burhan Akbudak ilə güləşəcək.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medallara sahib olublar. Yarış aprelin 23-də başa çatacaq.

Xəbər 147 dəfə oxundu.