Briqita Kraşovets: Milli Gimnastika Arenasındakı atmosfer çox xoşuma gəlir
Bakıda keçirilən dünya kuboku yarışlarının təşkilatçıları bütün iştirakçıların qayğısına qalırlar.

Bu sözləri Milli Gimnastika Arenasında təşkil olunan bədii gimnastika üzrə dünya kuboku yarışlarında çıxış edən Sloveniya təmsilçisi Briqita Kraşovets deyib.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən gimnast qeyd edib ki, ilk dəfə Bakıda 2018-ci ildə çıxış edib: “Zal və buradakı atmosfer çox xoşuma gəlir. Yarış ən yüksək səviyyədə keçirilir, təşkilatçılar daim nəyəsə ehtiyacımızın olub-olmadığı ilə maraqlanırlar, qayğımıza qalırlar. Bu, çox xoşdur”.

Təsnifat mərhələsindəki çıxışını şərh edərkən gimnast halqa ilə proqramından çox da razı qalmadığını, lakin topla hərəkətin onda daha yaxşı alındığını diqqətə çatdırıb.

“Bakıda tamaşaçılar çox xoşrəftardırlar, tribunalarda izləyicilər gimnastın hansı ölkəni təmsil etdiyindən asılı olmayaraq, hər kəsi dəstəkləyirlər. Bu cür dəstək olduqca vacibdir”, - deyə B.Kraşovets əlavə edib.

Xəbər 128 dəfə oxundu.