Dünya kuboku: Gimnastımız Zöhrə Ağamirova yarışın finalına yüksəlib
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində top ilə yarışın finalçıları müəyyənləşib.

Gimnastımız Zöhrə Ağamirova paytaxtımızda keçirilən dünya kuboku yarışlarında topla proqramını icra edib.

Gimnastımızın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 32 xalla qiymətləndirilib. Təsnifat mərhələsində dördüncü olan Z.Ağamirova finala vəsiqə qazanıb.

Digər gimnastımız Alina Gözəlova isə təsnifat mərhələsində doqquzuncu olub və mərhələ adlaya bilməyib.

Topla yarışın final mərhələsi aprelin 23-də keçiriləcək.

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 104 dəfə oxundu.