Azərbaycan gimnastı Alina Gözəlova dünya kuboku yarışlarında halqa ilə çıxışını təqdim edib
Azərbaycan təmsilçisi Alina Gözəlova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə çıxışını təqdim edib.

Gimnastımızın çıxışına hakimlər 27,300 xal veriblər. Hazırda idmançımız təsnifat mərhələsində dördüncü pillədə qərarlaşıb.

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.

Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq yeddinci dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 97 dəfə oxundu.