Brian Agerbak: Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız yüksək səviyyədədir
Azərbaycanda müxtəlif tədbirlər və beynəlxalq yarışlar təşkil edə bilərik.

Bunu Avropa Badminton Federasiyasının baş katibi Brian Agerbak qurumun Bakıda təşkil olunacaq konqresindən əvvəl mətbuat konfransında deyib.

Brian Agerbak Azərbaycanda bu tədbiri təşkil etdikləri üçün məmnunluğunu bildirərək vurğulayıb: “Bakıdakı konqresi səbirsizliklə gözləyirdik. Azərbaycan Badminton Federasiyası yüksək səviyyədə irəliləyişə nail olub. İdmanın bu növündə yay məktəblərini və digər tədbirləri yaxşı keçirirsiniz. Ev sahibliyinə görə sizə minnətdaram. Yaxşı işlərin davamının gələcəyinə inanıram. Bütün üzvlərimiz bizim üçün önəmlidir. Amma bəzi federasiyaların işbirliyi üçün səy göstərdiyini müşahidə edirik. Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız yüksək səviyyədədir. Bu qurumla anlaşma memorandumu da imzalamışıq. Növbəti illərdə bunun davam etdirilməsini istəyirik. Hazırkı əməkdaşlıqdan razıyıq. Azərbaycanın badminton üzrə yarışlara ev sahibliyi etmək üçün böyük potensialı var. İstəsələr, növbəti illərdə gerçəkləşə bilər. Bunun üçün ölkənizdə imkanlar da mövcuddur”.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov beynəlxalq tədbirlərə və yarışlara ev sahibliyi etməyə daim hazır olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, bunların sayını da artırmaq lazımdır. Qırxdan çox federasiya sabahkı tədbirə qatılacaq. İl ərzində inkülizivliklə bağlı müxtəlif layihələr həyata keçirmişik. Regionlarda sosial baxımdan həssas olan ailələr üçün badmintonun əlçatan olmasını istəyirik. Cəzaçəkmə müəssisəsində badminton oyununun keçirilməsi yenilik idi. Burada 18 yaşına çatmayan insanlar da var. Bu cür sessiyalar təşkil edərək əhəmiyyətli layihələr həyata keçiririk.

T.Ziyadov idmançıların inkişafı üçün onları ölkə xaricinə təlim-məşq toplanışına göndərməyə davam edəcəklərini vurğulayıb. O, 2024-cü ildə Fransada Yay Olimpiya Oyunlarında yerli idmançı ilə təmsil olunacaqlarına inandıqlarını söyləyib.

“Hazırda Azərbaycanda badmintonla peşəkar səviyyədə 600-dən çox idmançı məşğul olur. Onların əksəriyyəti 15 yaşından aşağı uşaqlardır. Ötən il idmançılarımız beynəlxalq yarışlarda 7 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıblar. Amma həvəskarın da sayı çoxdur. Klubların yaranmasını istiqamətində çalışırıq. İlin sonunadək 8 klubun açılması nəzərdə tutulur”, - deyə T.Ziyadov əlavə edib.

Avropa Badminton Federasiyasının konqresi aprelin 21-22-də Bakıda təşkil olunacaq. Bu müddətdə quruma yeni prezident seçkiləri keçiriləcək. Portuqaliyalı Joau Matoş və belçikalı Sven Serro bu posta namizəddirlər.

Xəbər 177 dəfə oxundu.