“Audi” Formula 1-in mühərrik qurğusunu 2023-cü ilin sonunadək sınaqdan keçirəcək
2026-cı ildə Formula 1 çempionatında “Audi”nin “Sauber” kollektivinin bazası əsasında yaradılan zavod komandası debüt edəcək. Almaniyanın avtomobil istehsalçısı heyət yığmaqla və texniki layihələr aparmaqla bu yarışa fəal hazırlaşır. “Audi” tərəfindən hazırlanan yeni hibrid mühərrik qurğusunun ilk testləri 2023-cü il üçün nəzərdə tutulub.

şirkətin rəsmi bəyanatında deyilir: “Daxili yanma mühərrikindən, elektrik mühərrikindən, akkumulyator və elektron idarəetmə blokundan ibarət olan ilk tam hibrid mühərrik qurğusu bu ilin sonunadək sınaq stendində işə salınacaq. Aqreqatlar bolidin gələcək konsepsiyası üçün əsasa çevriləcək. Bundan başqa, Noyburqda simulyator Formula 1 çempionatının standartlarına müvafiq şəklə salınacaq ki, bu da “Audi”nin mühərrik qurğusunun bundan sonrakı inkişafına kömək olacaq”.

Şanxaydakı avtosalonda “Audi”nin baş direktoru Markus Düsmann vurğulayıb ki, Noyburq şöbəsində xüsusi yaradılmış “Audi Formula Racing GmbH”də artıq 260-dan çox mütəxəssis var. Tərtibatçılar komandasının əsasını “Audi Sport” və “Audi”dən yürüş avtomobilləri sahəsində çoxillik geniş təcrübəyə malik əməkdaşlar təşkil edir. Onlara komandanın məqsədyönlü şəkildə möhkəmlənməsi üçün kənardan cəlb olunan və Formula 1-də iş təcrübəsi olan mütəxəssislər qoşulacaq. İlin sonunadək yeni heyətin qəbulu başa çatmalıdır. Kollektiv özündə 300-dən çox əməkdaşı birləşdirəcək.

Xəbər 107 dəfə oxundu.