“Indycar”: Qrojan və Erikson Lonq-Biçdə podiumdadırlar
Formula 1 çempionatının veteranları öz ustalıqlarını yenidən nümayiş etdiriblər: Roman Qrojan və Markus Erikson Lonq-Biçdəki çətin küçə trasında bolidi nöqsansız idarə edib, “Indycar” mövsümünün üçüncü mərhələsini əla başa vuraraq podiuma qalxıblar.

Yürüşün son dövrələrində onlar arasında sanki əsl duelin baş verəcəyi görünürdü, bu, həddən artıq maraqlı olardı. Lakin Markus özünün çoxdankı rəqibinin bolidinə kifayət qədər yaxınlaşdı, praktik olaraq finişə qədər aralarındakı interval saniyə civarında idi.

Bu, ikinci yer uğrunda mübahisə idi. Yürüşü Kaliforniya trasında poul-mövqedən start götürən “Andretti Autosport”un gənc pilotu, Qrojanın ortağı Kayl Kerkvud qazandı. Bu, “IndyCar”da onun ilk qələbəsidir. Maraqlıdır ki, 1986-cı ildə Maykl Andretti də ilk qələbəsinə məhz Lonq-Biçdə nail olub.

Nəzəri baxımdan, həm Qrojan, həm də Erikson qələbəyə iddialı ola bilərdilər, lakin Lonq-Biç Qran-Prisində trasın son kəsiyində Roman yanacağa qənaət etməli oldu və onun var gücü ilə irəli keçmək imkanı yox idi. İsveçlinin bolidinin ön qanadı zədələnmişdi və bu da sürətdə özünü büruzə verirdi.

Şübhəsiz, Qrojan dərrakəli şəkildə hərəkət etməli idi, axı yürüşdə onun ortağı liderlik edirdi. “Andretti” komandası üçün sadəcə qələbə dublunu qazanmaq vacib idi. Pilotların hansı ardıcıllıqla finişə çatması isə mövsümün bu mərhələsində xüsusi rol oynamırdı.

Digər tərəfdən də Kerkvud çox gözəl idarə edirdi və yürüşdən sonra Roman Qrojan birinci etiraf edərək dedi: “Əlbəttə mən onun yerində olmaq istərdim, lakin Kayl çox gözəl idarə etdi və onun üçün ürəkdən sevinirəm. O, bütün uik-endi çempion tərzində idarə etdi və layiqli qələbə qazandı”.

Yeri gəlmişkən, Kerkvudun uğurlarına ürəkdən sevinənlərdən biri də “Williams”ın debütantı Loqan Sarcentdir. O, Kaylla demək olar ki, həmyaşıddır, hər ikisi Floridadandır, gənc yaşlarından dostluq edirlər, avtomobil idmanı ilə məşğul olmağa birgə başlayıblar, lakin sonra karyera davamının müxtəlif yollarını seçiblər.

Markus Erikson Texasda, Sent-Pitersberq şəhərində mövsümün birinci mərhələsində finişə 8-ci çatıb, bu gün isə podiuma qalxıb. Bu nailiyyət “Chip Ganassi Racing”in isveçli pilotuna şəxsi hesabda irəli çıxmaq imkanı verib.

Mövsümün növbəti mərhələsi iki həftə sonra Alabamada, tanınmış “Barber Motorsports Park” yol tipli trasda keçiriləcək.

Xəbər 109 dəfə oxundu.