Hokkenhaymda Formula 1 barədə müzakirələr aparılıb
Almaniya sonuncu dəfə Formula 1 çempionatının mərhələsinə 2020-ci ildə ev sahibliyi edib, sonra maliyyə məsələləri ilə əlaqədar Qran-Pri keçirilməyib. 2026-cı ildə Formula 1-də Almaniyanın nəhəng avtomobil istehsalçısı olan “Audi” debüt edəcək. Hokkenhaymdakı avtodromun icraçı direktoru Yorn Teske Almaniya Qran-Prisinin təşkil olunması ehtimalını müzakirə etməyə hazırdır.

“Sport1” telekanalının efirində Teske bu barədə deyib: “Biz Formula 1 çempionatının Almaniyaya dönməsi barədə danışıqlara hazırıq. Şadıq ki, “Audi”nin Formula 1-də qarşıdakı iştirakı diskussiyalarımıza yeni dinamika əlavə etdi. Biz çempionat rəhbərliyi ilə daimi əlaqə saxlayırıq, ünsiyyətdəyik.

Ancaq bu, o demək deyil ki, bizim hansısa xəbərlərimiz var. Biz yaxşı başa düşürük ki, Formula 1 mərhələsini geri qaytarmaq əvvəlki kimi asan deyil. “Audi” kimi qlobal oyunçu səhnəyə çıxdıqda, - biz bunu yalnız alqışlayırıq, - bütün maraqlanan tərəflərlə fikir mübadiləsi başlanır.

Lakin biz o fikrimizdə qalırıq ki, Formula 1 yürüşlərinin keçirilməsi bizi var-yoxdan çıxarmamalıdır. Bu baxımdan bütün tərəfləri qane edə bilən variantlar axtarmaq lazımdır.

Yorn Teske əlavə edib ki, Hokkenhaymın Almaniya Qran-Prisini Nürburqrinq trası ilə növbəli şəkildə qəbul edəcəyi variant bizim üçün əlverişlidir. O deyib: “Biz bunda heç bir problem görmürük. Bu, çox yaxşı alternativ qərardır.

Mən başa düşürəm ki, Formula 1-də trasın müxtəlifliyini görmək istəyirlər. Biz iki ildə bir dəfə böyük vəsait xərcləməli olacağıq, lakin bununla yanaşı, Formula 1 trasının imicini və statusunu qoruyub saxlayacağıq. Bu mənada Almaniyanın iki avtodromu mərhələni növbə ilə qəbul edərsə, bu, ideal qərar olar. Mən Nürburqrinqdən olan həmkarları nəzərdə tuturam. Sözsüz ki, bu, həm almaniyalı pərəstişkarları, həm də məni qane edərdi”.

Xəbər 116 dəfə oxundu.