Gimnastımız Nəzrin Abdullayeva “AGF Trophy” turnirində gürzlər ilə yarışların finalına yüksəlib
Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində gürzlər ilə yarışların finalçıları bəlli olub.

Təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar. Həlledici mərhələdə Azərbaycanın gimnastı Nəzrin Abdullayeva medallar uğrunda mübarizə aparacaq. Təmsilçimiz ilə yanaşı, finalda polşalı Liliana Levinska, kiprli Vera Tuqolukova, Özbəkistan gimnastı Mişel Nesterova, israilli Lian Rona, Bolqarıstan idmançısı Dara Malinova, macarıstanlı Boqlarka Barkoczi və Qırğızıstan təmsilçisi Aleksandra Udodova çıxış edəcəklər.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 119 dəfə oxundu.