“AGF Trophy”: Zöhrə Ağamirova və Alina Gözəlova iki alət üzrə yarışlarda finala yüksəliblər
Bədii gimnastlarımız Zöhrə Ağamirova və Alina Gözəlova Bakıda keçirilən üçüncü “AGF Trophy” beynəlxalq turnirinin finalına yüksəliblər.

Böyüklərin yarışında çıxış edən təmsilçilərimiz iki alət üzrə təsnifat mərhələsində mübarizə aparıb və mərhələ adlayıblar.

Halqa ilə təsnifat yarışlarında ilk səkkiz pillədə qərarlaşan gimnastlar – Zöhrə Ağamirova (34,450 xal), Eva Blanka Qyulai (Macarıstan, 30,550), Nora Demer (İsveçrə, 30,450 xal), Alina Gözəlova (30,300), Veronika Sturmilova (Moldova, 30), Lamar Behairi (Misir, 29,250), Elizaveta Luqovskix (Monteneqro, 28,600) və Sevara Haitova (Qırğızıstan, 23,700) həlledici mərhələyə vəsiqə qazanıblar.

Top ilə təsnifat yarışlarında uğurla çıxış edən ilk səkkiz gimnast da finalda medallar uğrunda yarışacaq. Bunlar Z.Ağamirova (33,500 xal), A.Gözəlova (31,700), Evelin Viktoriya Koçiş (Macarıstan, 31,250), Yevgeniya Karaman (Moldova, 27,550), E.Luqovskix (27,350), M.Behairi (25,550), S.Haitova (26,300) və Lxaqvatsetseq Erdenebayardır (Monqolustan, 26,250).

Z.Ağamirova “Tokio-2020” Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü beynəlxalq Qran-Pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısıdır. A.Gözəlova isə V İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla, ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 137 dəfə oxundu.