Gənc gimnastlardan ibarət qrup hərəkətləri komandamız beynəlxalq turnirin finalına adlayıb
Gənclərdən ibarət qrup hərəkətləri komandamız Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində finala adlayıb.

Gimnastlarımızın 5 iplə proqramı hakimlər tərəfindən 27,750 xalla qiymətləndirilib. Komandamız təsnifat mərhələsini ikinci pillədə başa vurub.

İsrail kollektivi 29,400 xalla təsnifat mərhələsində birinci olub. Özbəkistan komandası 26,950 xalla ilk üçlüyü tamamlayıb.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 119 dəfə oxundu.