Kiprli gimnast “AGF Trophy”də top ilə təsnifat yarışlarının lideridir
Kipr təmsilçisi Vera Tuqolukova Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirinə uğurla start verib.

V.Tuqolukova turnirdə gənclərin fərdi proqramda top ilə təsnifat yarışlarında birincidir. Onun çıxışı hakimlər tərəfindən 30,500 xalla qiymətləndirilib. Özbəkistanlı Natalya Usova 30,400 xalla ikinci, polşalı Olivia Maslov isə 30,350 xalla üçüncü pillədə qərarlaşıblar.

Azərbaycan gimnastları arasında ən yaxşı nəticə Şəms Ağahüseynovaya məxsusdur. Hesabında 28,550 xal olan gimnastımız yeddinci yerdədir.

Hazırda təsnifat mərhələsi davam edir.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 283 dəfə oxundu.