“AGF Trophy”: Polşalı gimnast Liliana Levinska halqa ilə təsnifat yarışlarına başçılıq edir
Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri davam edir.

Milli Gimnastika Arenasında təşkil olunan turnirdə gənclərin fərdi proqramda halqa ilə təsnifat yarışlarına Polşa təmsilçisi Liliana Levinska başçılıq edir. Onun çıxışı hakimlər tərəfindən 32 xalla qiymətləndirilib. Özbəkistanlı Natalya Usova 28,700 xalla ikinci, Azərbaycan idmançısı Nuray Əhmədzadə isə 27,800 xalla üçüncü pillədə yer alıblar.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 112 dəfə oxundu.