Dünya çempionatında cüdo üzrə ölkəmizi təmsil edəcək heyət açıqlanıb
İlin cüdo üzrə ən mötəbər yarışı olan Dünya çempionatına Qətər ev sahibliyi edəcək. Mayın 7-dən 14-dək Dohada keçiriləcək çempionatda Azərbaycan cüdo üzrə milli yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar mayın 7-dən 13-dək, komanda yarışları isə may 14-da Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək. Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasının heyətini təqdim edirik:

Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq).

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq).

Xəbər 147 dəfə oxundu.