Azərbaycan Prezidenti Dünya Kubokunun mükafatlandırmasında iştirak etdi
Azərbaycanda sentyabrın 22-də start götürmüş 17 yaşadək qızlardan ibarət yığma komandaların dünya çempionatının bugünkü final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, mərasimdə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final matçını izləyən Azərbaycan Prezidenti İlham Əliyev, UEFA prezidenti Mişel Platini, FİFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü İssa Hayatou, AFFA prezidenti Rövnəq Abdullayev iştirak edib. Onlar bunun üçün yer aldıqları fəxri tribunadan yaşıl meydana daxil olublar.

İlk olaraq final matçı hakimləri, ardından turnirin ən məhsuldar futbolçuları mükafatlandırılıb. KXDR yığmasının hücumçusu Ri Un Sim 8 qolla dünya çempionatının bombardiri olan “Adidas” markalı “Qızıl buts”a sahib çıxıb. Ən yaxşı qapıçı Fransa yığmasının “1 nömrə”si Romane Bruneauya “Adidas” markalı “Qızıl əlcək” verilib. Onun komanda yoldaşı olan Griedge Mbok Betiyə ən yaxşı futbolçu verilən mükafata təqdim olunub.

Sonda mükafatçı komandaların futbolçuları səhnəyə dəvət edilib. Qanaya bürünc, KXDR gümüş, Fransaya qızıl medallar təqdim olunub. Çempionun kapitanı Sandi Toletti dünya kubokunu başı üzərinə qaldırıb. Bu kuboku meydana Azərbaycan yığmasının kapitanı Əminə Heydərova gətirib.
Qeyd edək ki, dünya çempionatının bağlanışını ölkəmizə gələn dünya şöhrətli müğənni Şakira ifası ilə edib.

Xəbər 1063 dəfə oxundu.