Niko Hülkenberq Azərbaycan Qran-Prisinin startında mövqelərini itirəcək
Formula 1 çempionatının Avstraliya Qran-Prisində Niko Hülkenberq yeddinci yerdə finişə çatıb, lakin şərəf dövrəsindən sonra qapalı parkadək gedib çıxmayıb. “Haas” komandasının pilotu öz bolidini trasda dayandırıb. Maşında kinetik enerjinin rekuperasiyasına cavabdeh olan “MGU-K” mühərrik-generatoru işləməyib.

Azərbaycan Qran-Prisindən əvvəl “Haas” güc qurğusunun bu elementini dəyişəcək. Lakin əgər əvvəllər bunun güc qurğusu komponentlərinin miqdarına qoyulan limit çərçivəsində həll ediləcəyi və bu səbəbdən almaniyalının cərimə olunmayacağı gözlənilirdisə, indi İtaliyanın “Motosport” redaksiyası pilot üçün cəzalardan xəbər verir. Nəşrin məlumatına görə, blok bərpa olunmayacaq və bolidə üçüncü dəfə “MGU-K” quraşdırılacaq. Mövsüm ərzində isə iki dəfə “MGU-K” mühərrik-generatorunun dəyişdirilməsinə icazə verilir.

Bolidin sıradan çıxmasına səbəb Avstraliya Qran-Prisinin qeyri-adi pozuq ritmi idi. Yürüş zamanı bir neçə dəfə qırmızı bayraqlar qaldırılması nəticəsində bolidlər pit-leynə və restarta qayıdıblar. Hibrid güc qurğusunun komponentləri müəyyən prosedurlar tələb edir, o cümlədən mühərrikin işə salınması və dayandırılması zamanı dəqiq vaxt və temperatur rejiminə riayət olunmalıdır. Qırmızı bayraqlar qaldırıldıqda isə buna riayət etmək mümkün deyil. Nəticədə mühərrik-generator sıradan çıxır.

Xəbər 123 dəfə oxundu.