Andrea Stella: “McLaren” Bakıya bir neçə yeniliklərlə gələcək
Formula 1 çempionatının Avstraliya Qran-Prisində “McLaren” komandasının pilotları mövsümdə ilk xallarını qazanıblar. Komandanın rəhbəri Andrea Stella belə nəticəyə rəqiblərin oyundan kənarlaşması sayəsində nail olmaq faktını istisna etmir. Lakin “McLaren” gələcəkdə öz sürəti hesabına ilk onluqda finişə çıxmağı nəzərdə tutur.

Andrea Stella bu barədə “Racingnews365” nəşrinə müsahibəsində deyib: “Biz o qədər də sevinmirik, çünki başa düşürük ki, bu nəticə yürüşdə baş verən hadisələrin sayının çoxluğu sayəsində əldə olunub. Lakin bununla belə, xal qazanmaq çox ürəkaçandır. Mövsümün əvvəlində komanda bir neçə mürəkkəb yürüş keçirdi. Bu yarışmalarda biz xal qazanmaq iddiasında idik. Lakin müxtəlif səbəblər ucbatından biz xal qazana bilmədik. Hər halda, ilk üç mərhələdən sonra aktivimizdə xalın olması çox xoşdur.

Komanda Bakıya bir neçə yenilik gətirməklə növbəti addımı atacaq. Başa düşürük ki, bu yeniliklər vəziyyəti əsaslı şəkildə dəyişməyəcək, lakin bu, yalnız ilk addımdır. Ümidvarıq ki, gələcəkdə yürüş zamanı trasda baş verən hadisələr sayəsində deyil, öz sürətimiz sayəsində xal qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək.

Xəbər 142 dəfə oxundu.