«Atletiko» Falkaoya qiymət qoydu
Madrid «Atletiko»sunun kolumbiyalı ulduzu Falkao haqqında ortaya atılan transfer iddialarının ardından, ispan klubunda bu məsələ ətrafında canlanma yaranıb. Kolumbiyalı qolçunun komandadan ayrılma ehtimalını qiymətləndirən «Atletiko»nun idman direktoru Anhel Jil Marin Falkaonun satışı ilə əldə ediləcək gəlirin klubun bütün maliyyə problemlərini həll edəcəyini dilə gətirib. Marin «Falkaodan gözlədiyimiz 60 milyon avro, «Atletiko»nun iqtisadiyyatını dirçəldəcək. Falkao və texniki heyət onun komandada qalmasını istəyir. Ancaq mövsüm sonunda bu ehtimalı qiymətləndirməmiz lazım gələcək» şəklində danışıb.

Mövsüm sonunda «Atletiko»nun tutacağı yerin böyük əhəmiyyətinin olacağını deyən Marin «Əgər Çempionlar Liqasına gedə bilməsək, bəzi ödəmələri etməyimiz çətinləşə bilər. Falkaonun bizdən istədiyi ödənişi ödəməkdə də çətinlik çəkə bilərik» söyləyib.

Komandada işə başladığı gündən bu yana klubu idman cəhətdən yuxarı çəkən baş məşqçi Dieqo Simeone haqqında da danışan idman direktoru «Simeone həqiqətən çox yaxşı bir mütəxəssisdir. Onu komandanın başına gətirmək bizim üçün böyük bir şansdı. Bütün oyunçular ona inanır, azarkeşlər ona heyrandı və mediada böyük bir hörmət görür» deyib.

İdman.com.az saytının məlumatına görə, «Atletiko» formasıyla indiyə qədər 47 matça çıxıb 57 qol vuran Falkao, dünya nəhənglərini arxasına salmağı bacarıb. Kolumbiyalı qolçunun adı «Real», «Çelsi», «Mançester Siti» və «Arsenal» kimi nəhənglərlə xatırlanarkən, «Mançester Siti»nin baş məşqçisi Roberto Mançini «Atletiko»nun «Malaqa» ilə oynadığı qarşılaşmanı yerində izləyərək, kolumbiyalı ulduza maraqlarını açıq bildirmişdi. «Şəhərlilər» bu günlərdə konkret təkliflərini də irəli sürüblər. Onlar Falkaonu almaq üçün 60 milyonu birbaşa ödəməyə hazır olmasalar da, 40 milyonun üstündə bosniyalı ulduzları Edin Zekonu da Madridə göndərməyə hazırdılar.

Xəbər 984 dəfə oxundu.