Ravin Alməmmədov: Dünya birinciliyində sonadək layiqli mübarizə apardım və nəticə qazandım
Yarış yaxşı keçdi, rəqiblərim də güclü idi. Buna baxmayaraq, sonadək layiqli mübarizə apardım və nəticə qazandım.

Bu sözləri məxsusi müsahibəsində Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində üç gümüş medal qazanan və iki Avropa rekordunu yeniləyən Azərbaycan idmançısı Ravin Alməmmədov deyib.

Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi olan R.Alməmmədov dünya birinciliyində üç gümüş medal qazandığına görə sevindiyini bildirərək deyib: “Çempionata çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarımız yüksək səviyyədə təşkil olunmuşdu, lazımi şərait yaradılmış, uğur qazanmağımız üçün bütün işlər görülmüşdü. Bizə yalnız Vətənə medalla qayıtmaq qalırdı ki, onu da etdik. Qarşıda bizi Avropa birinciliyi gözləyir. İyulda Moldovada keçiriləcək yarışda daha yaxşı çıxış etməyi planlaşdırıram. Orada da Avropa rekordlarını yeniləmək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm. Buna inanıram, hazırlığım da buna uyğun olacaq”.

Qeyd edək ki, atletimiz birdən qaldırma hərəkətində 136 kiloqramı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Təmsilçimiz təkanla qaldırma hərəkətində isə 167 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə də gümüş medal qazanıb. R.Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türk Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kiloqramı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub. Toplam 303 kiloqram (136+167) nəticə göstərən təmsilçimiz yekun sıralamada da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.

Xəbər 121 dəfə oxundu.