Dünya çempionatında ilkə imza atan Azərbaycan millisi Bakıya qayıdıb
Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatında ölkəmizi təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiyanın kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Millinin baş məşqçisi Yadigar Məmmədov 9 ildən sonra mundialda qazanılan bürünc medalı yığma üçün uğurlu adlandırıb. O, növbəti yarışlarda komandasının daha yaxşı çıxış edəcəyinə inandığını deyib: “Mundiala 6 idmançı ilə yollanmışdıq. Onlardan Zeynəb Rəhimova (54 kq) 2, Məhsəti Həmzəyeva (57 kq) 1 qələbə qazandı. Dünya reytinqində üçüncü olan Aynur Rzayeva dünya çempionatını bürünc medalla bitirdi. Onun finala yüksələ bilməməsində isə çəkisinin rəqiblə müqayisədə az olması rol oynadı. Amma qarşıdakı yarışlar üçün Aynurun çəki dərəcəsində dəyişiklik edəcəyik. Çünki Olimpiya çəkisi 75 kiloqram olduğu üçün Rzayevaya yeni proqram tərtib edəcəyik ki, o, bu çəkidə rahat işləsin”.

Azərbaycan tarixinə dünya çempionatında medal qazanan ilk yerli boksçu kimi düşən Aynur Rzayeva (+81 kq) isə növbəti hədəfinin Avropa Oyunlarında “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək olduğunu vurğulayaraq deyib: “Yarışa çox ciddi hazırlaşmışdıq və Hindistana medal əldə etmək üçün yollanmışdıq. Buna həm fiziki, həm də psixoloji cəhətdən hazır idim. Ən əsası isə özümə inanırdım. Döyüşlərim də yaxşı alındı. Yarımfinalda reytinqli rəqiblə qarşılaşdım. Lakin fikrimcə, qələbə rəqibə verilməli deyildi. Məqsədim Avropa Oyunlarına yaxşı hazırlaşıb, Olimpiadaya lisenziya qazanmaqdır”.

Xəbər 132 dəfə oxundu.