Bakıda 6-cı Formula 1 həyəcanı
Azərbaycan artıq uzun illərdir ki, mötəbər tədbirlərin, o cümlədən beynəlxalq idman yarışlarının təşklatçılığında böyük uğurlar qazanıb. İndiyədək ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının finalı, şahmat olimpiadası, futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 qarşılaşması kimi böyük idman yarışları keçirilib. Azərbaycanda keçirilən və dünyada ən çox izlənən nüfuzlu idman tədbirlərindən biri də Formula 1 Azərbaycan Qran-Prisidir.

Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib
İyunun 10-dan 12-dək Bakı şəhər halqası altıncı dəfə Formula 1 üzrə Azərbaycan Qran-Prisinə ev sahibliyi edib. Möhtəşəm Bakı sürət meydançasından zirvəyə daha bir addım atıb, dünyanın idman tarixinin şanlı səhifələrindən birini yazdı. Formula 1-ə altıncı dəfə məmnuniyyətlə qucaq açan Bakı bu yarışı mövsümün ən gözəl, möhtəşəm yarışlarından birinə çevirməyə qadir olub.
İyunun 10-da 2022-ci ilin yarış təqvimində sayca səkkizinci olan Azərbaycan Qran-Prisinin əvvəlcə açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışlarına start verilib.

Sürət, həyəcan və əyləncə ilə dolu ilk gün
Yarışın ilk günü Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının birinci sərbəst yürüşünə start verilib. Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Serxio Peres lider kimi tamamlayıb. “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”dən Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer alıblar.

İkinci gün...
Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb. Mübarizədə “Red Bull Racing” komandasının pilotu Serxio Peres birinci, “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü yeri tutublar.

Formula 1 Azərbaycan Qran-Prisinin növbəti qalibi müəyyənləşib
İyunun 12-də Bakıda Formula 1 üzrə dünya çempionatında Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əvvəlcə mötəbər yarışın xüsusi konsepsiya əsasında hazırlanan açılış mərasimi olub. Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb. İki saata yaxın davam edən yürüşün qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen olub. Onun komanda yoldaşı meksikalı Serxio Peres yarışı ikinci pillədə başa vurub. “Mersedes” komandasının britaniyalı pilotu Corc Rassel isə üçüncü yerə layiq görülüb.

Qaliblər mükafatlandırılıb
Maraqlı idman mübarizəsi şəraitində keçən Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, yarışda təqdim olunan kubok Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementləri ilə bəzədilib.
Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və “Red Bull Racing” komandasının nümayəndəsinə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem təqdim edib. İkinci yeri tutan Serxio Peresi gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasseli isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov mükafatlandırıblar.

Səkinə İSAYEVA

Xəbər 70 dəfə oxundu.