Ötən mövsümün “ən yaxşılar”ı kimlər oldu?
Bu gün Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev, futbol ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Rusiyanın məşhur “Slivki” qrupu da tədbirin qonaqları sırasında olub. Onlar zala toplaşanlar üçü öz mahnılarını oxoyublar.
Əvvəl ötən mövsümün “ən yaxşılar”ı mükafatlarını alıb. İdman Araşdırmaları Mərkəzi (İAM) tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün “ən yaxşılar”ı nominasiyalarında qalib gəlmiş futbolçulara PFL-in mükafatları təqdim edilib.

İAM-ın 37 KİV - televiziya, internet saytları və qəzetlərdə çalışan idman jurnalistlərinin rəyi əsasında apardığı sorğuda “Neftçi”nin braziliyalı futbolçusu Flaviu Aleks Valensiya 2011/12 mövsümünün “ən yaxşı futbolçusu” seçilib. Bununla da Flavinyu kimi tanıdığımız 29 yaşlı yarımmüdafiəçi ardıcıl 2-ci il bu mükafata sahib çıxıb. Lakin o, atasının səhhətində problem yarandığı üçün vətəninə yollandığından tədbirdə iştirak etməyib.

1. Ən yaxşı qapıçı – Kamran Ağayev (“Xəzər Lənkəran”)
2. Ən yaxşı müdafiəçi – Ruslan Abışov (“Neftçi”)
3. Ən yaxşı yarımmüdafiəçi – Adrian Pit (“Xəzər Lənkəran”)
4. Ən yaxşı hücumçu – Rauf Əliyev (“Qarabağ”)
5. Ən yaxşı baş məşqçi – Böyükağa Hacıyev (“Neftçi”)
6. Ən yaxşı futbolçu – Flavinyu (“Neftçi”)
7. Mövsümün tapıntısı (gənc futbolçu) - Nuran Novruzov (“Bakı”)

Tədbirdə bundan başqa da mükafatlar da təqdim olunub.

Ən yaxşı assistent - Rəşad Abdullayev (“Neftçi”)
Ən yaxşı qol - Ceyhun Sultanov (“Kəpəz”)
Ən yaxşı bombardir - Bahadır Nəsimov (“Neftçi”)
Ən sadiq azarkeş - Xoşbəxt Yusifzadə

Tədbirin sonunda ötən mövsümün çempionu “Neftçi”, gümüş mükafatçısı “Xəzər Lənkəran” və bürünc mükafatçısı “İnter”ə Fransanın məşhur “Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunub.
Ötən mövsüm də ən yaxşılar üçün mükafat hazırlayan şirkət ənənəsini davam etdirib.

Xəbər 1194 dəfə oxundu.