Falkaoya sürpriz talib
Madrid «Atletiko»sunun kolumbiyalı superulduzu Radamel Falkao üçün hər gün bir yeni talib çıxır. Amma futbolçunun indiki talibsi çox ciddidir. İdman.com.az saytının məlumatına görə, hücumçu problemi yaşayan «Arsenal» «Sunday Mirror»a görə Falkaonu transfer edərək bu problemi kökündən həll etmək istəyir.

Daha əvvəl komanda səlahiyyətliləri Falkaoya «Çempionlar Liqasına gedə bilməzsək, səni klubda tutmağımız çətinləşər» demişdilər. Maliyyə böhranında olan «Atletiko»nun Falkao ilə müqaviləsində təyin etdiyi satın alma ödənişi 60 milyon avrodu. Əgər «Atletiko» bu rəqəmi 50 milyon avro ətrafına salsa, Arsen Venger Falkaonu komandasına gətirəcək.
«Arsenal»ın prezidenti Miter Hill-vud bəyan edib ki, Arsen Vengerin qışda transfer üçün ən azı 50 milyon funt büdcəsi olacaq. Yayda Robin van Persinin və Aleks Sonqun uğurlu satışı, eləcə də, ötən mövsüm üçün açıqlanmış maliyyə hesabatı Vengerin ixtiyarında kifayət qədər sərbəst pulun olacağından xəbər verir.

«Əgər Venger bu pulları qış transferi dövründə xərcləmək istəyirsə, buna 100 faiz imkanı olacaq. Bizim yaxşı maliyyə nəticələrimiz var və bu pulları, yanvarda yeni oyunçular almaq istərsə, Vengerə vermək istəyirik. Klub düzgün istiqamətdə fəaliyyət göstərir. Əlbəttə ki, birdən-birə 180 milyon xərcləyə bilmərik – biz başqa cür işləyirik» - deyə Hill-Vud bildirib.
Kolumbiyalı futbolçu «The Times»a verdiyi şərhdə bir gün İngiltərəyə transfer olacağını dilə gətirərək belə demişdi: «Premyer Liqanı uzun müddətdir izləyirəm və bir gün mən də o həyəcanı yaşamaq istəyərəm. Uşaqkən televiziyadan Roy Kin, Erik Kantona, Canfranko Zola kimi adları izləyərdim. Amma mənim ən bəyəndiyim oyunçu «Nyukasl»da forma geyinən Faustino Asprilya idi».

Xəbər 1227 dəfə oxundu.