Gövhər Beydullayeva: Martda Avropa çempionatında mükafatçılar sırasında yer almağa çalışacağam
Ölkə çempionatı güclü idman yarışdır. Turnirdə iştirak edən altı qrossmeyster, o cümlədən gənc şahmatçılar inamlı mübarizə nümayiş etdirdi. Əslində, yarış mənim üçün uğurlu keçmədi. Şükür olsun ki, sonda çempion olmağı bacardım. Sadəcə tam ürəyimcə olmadı.



Bu sözləri qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Ölkə çempionu bildirib ki, nəticədən razıdır: “Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim. Ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi oldum. Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindir. Bəlkə də builki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı.

Ölkə çempionatına bütün şahmatçılar güclü hazırlaşmışdılar. Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdi. Gülnar Məmmədova, Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar”.

G.Beydullayeva qeyd edib ki, Nərmin Abdinova çempionatda kifayət qədər maraqlı oyun göstərdi. Onunla görüşdə qalib gəlməyimə baxmayaraq, çox çətinlik çəkdim. Sanki mənim uşaqlıqda oynadığım kimi mübarizə aparırdı. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldular. Hər ikisinə təşəkkür edirəm.

“Martda Avropa çempionatında, həm də dünya kuboku yarışlarına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağam. Amma dünya kuboku yarışlarında iştirakım dəqiqləşib. İyirmi yaşadək şahmatçıların dünya çempionatında qələbə qazanmaqla vəsiqə əldə etmişəm. Ölkə çempionatında 2400 reytinqimi keçə bilmədim. Çalışacağam Avropa çempionatında reytinqimi artırım və mükafatçılar sırasında yer alım”, - deyə şahmatçı sözlərinə əlavə edib.

Xəbər 217 dəfə oxundu.