Komandamız Avropa birinciliyindən 5 medalla döndü
Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandası turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. 44,5 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov Gürcüstanı təmsil edən erməni əsilli David Petrosyanı 7:3 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçumuz Pərviz Quliyev (52 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş medala layiq görülüb. Həmyerlimiz finalda irlandiyalı Maykl Nevinə 12:15 hesabı ilə uduzub. 65 kq çəki dərəcəsində yarışan Hacı Dilbazov da vətənə gümüş medalla dönüb. Millimizin üzvü finalda yerli idmançı – Maksim Yemelyanova məğlub olub.

Daha iki boksçumuz – Məhəmməd Abdullayev (76+kq) və Malik Həsənov (38,5 kq) isə Avropa birinciliyində 3-cü yerə layiq görülüblər. Yığmamız ümumkomanda hesabında 4-cü yeri tutub. Rusiya 1-ci, İrlandiya 2-ci, Ukrayna isə 3-cü sırada qərarlaşıb.

Xəbər 1068 dəfə oxundu.