“İnter” üçün İtaliya A seriyasında VII tur uğurlu olub
“Neftçi”nin Avroliqanın qrup mərhələsində son rəqibi olan “İnter” üçün İtaliya A seriyasında VII tur uğurlu olub. Andrea Stramaççoninin çalışdırdığı komanda “Milan”la derbisini azlıqda qazanıb. Bakıya gətirilməyən argentinalı müdafiəçi Valter Samuelin 4-cü dəqiqədə vurduğu qol oyunda yeganə olub - 1:0.

“Milan”ın məğlubiyyətdən qaçmaq üçün yaxşı imkanı olub. Belə ki, “Neftçi” ilə matçda ehtiyatda qalan yapon müdafiəçi Yuto Naqatomo 48-ci dəqiqədə 2-ci sarı vərəqə alaraq, meydandan çıxarılıb. Ancaq “İnter”in sloveniyalı qapıçısı Samir Handanoviçin də inamlı oyunu nəticəsində Milan derbisində qonaqlar sevinib. Bununla da “Neftçi”nin rəqibi xallarının sayı 15-ə yüksəldərək, turnir cədvəlində 4-cü pillədədir və son çempion olan lider “Yuventus”dan 4 xal geri qalır.

Xəbər 806 dəfə oxundu.