Vüqar Əsədli: Azərbaycan çempionu olmağa gücüm çatırdı
Bu nəticəni gözləmirdim, çünki hazırda hərbi xidmətdəyəm. Yarışa xüsusi hazırlığım olmayıb. Ölkə çempionatında iştirakla bağlı icazə almışam və yarışdan əvvəl ikinci yeri tutacağımı düşünmürdüm. Karyeramda ilk dəfə ölkə çempionatında gümüş medal qazandım.

Bu sözləri kişi şahmatçılar arasında Azərbaycan çempionatında gümüş medal qazanan Vüqar Əsədli deyib.

Şahmatçı finalda güzəştsiz mübarizənin olduğunu deyərək bildirib: “Psixoloji olaraq çətin oldu. Finalda klassik oyunda ilk görüşdə qələbə qazandım. Amma uğurun davamını gətirmək alınmadı. Psixoloji olaraq sona qədər səhvsiz oynamaq alınmadı. Oyun baxımından Azərbaycan çempionu olmağa gücüm var idi. Sadəcə, hər zaman şahmatda mübarizə istədiyimiz kimi olmur”.

Ölkə çempionatında ikinci yerin sahibi olan V.Əsədli yeniyetmə şahmatçıların bütün rəqiblərə müqavimət göstərdiyini qeyd edib. “Çempionatda gənclərin oyunu məni təəccübləndirdi. Xüsusilə, azyaşlıların oyununu fərqləndirmək istərdim. Variantları çox yaxşı bilirlər. Maraqlı gedişlər oynadılar. Ona görə rəqabətin az olmadığını deməliyəm”, - deyə V.Əsədli vurğulayıb.

Qeyd edək ki, ölkə çempionatının qalibi Vasif Durarbəyli olub.

Xəbər 293 dəfə oxundu.