“Kəpəz”in braziliyalı transferi: Kluba tarix yazmaq üçün gəlmişəm
“Kəpəz”də debütüm inanılmaz idi. Amma səmimi desəm əla olmadı. Qələbə qazansaq daha yaxşı olardı. Bununla belə, stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm. Onlar bizə əla ruh yüksəkliyi verdilər, bu, məşqçi üçün də yaxşı imkan deməkdir. “Kəpəz”, əlbəttə, yüksək yerlərə layiq komandadır.

Bu sözləri məxsusi müsahibəsində Gəncənin “Kəpəz” klubuna yeni transfer olunan braziliyalı yarımmüdafiəçi Junior Martins deyib.

Çıxdığı ilk matçda fərqlənməyi bacaran oyunçu Azərbaycan futbolu və ölkə çempionatı haqqında xoş sözlər söyləyib. Bildirib ki, ölkəniz haqqında xoş fikirlər eşitdiyim üçün burada çıxış etmək barədə qərar verdim. Azərbaycan çempionatı Braziliyada tanınmış liqadır. Litvada çıxış edərkən, mənim braziliyalı agentim Yan Oliviera və onun həmkarı Kamran Şahverdiyev "Kəpəz"də olan imkanlar barəsində söhbət etdilər. Mən ikinci dəfə düşünmədim. Tam əmin idim ki, bu, verəcəyim ən yaxşı qərardır. Klub və liqanın reallıqları, şəhər haqqında bir neçə dəfə söhbətimiz oldu.

Futbolçu “Kəpəz”dəki debütünü dəyərləndirərkən deyib: “Əsas heyətdəki şanslarım barədə yalnız baş məşqçi qərar verə bilər. Mən buraya tarix yazmağa gəlmişəm və bunun üçün mübarizə aparacağam. Fərqi yoxdur, ehtiyatda və ya əsas heyətdə olum. Amma bunu bacaracağıma əminəm. İlk oyunumda qol vurduğum üçün məmnunam. Matçdan sonra baş məşqçi ilə çox danışmaq şansım olmadı. Növbəti matçlarda yəqin ki, imkan olacaq”.

İyirmi dörd yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatını fərqləndirən cəhətləri vurğulayaraq qeyd edib: “Əsas fərq sürət və hərəkətlilikdir. Braziliyada çox vaxt hava isti olur. Mövqeyə əsasən oyun gedir. Litvada isə tam əksinə idi. Bu kimi halların təcrübə baxımından xüsusi təsiri olur. Mən bu yolla özümü yaxşı hiss edirəm”.

Komandadakı hədəflərindən danışan braziliyalı futbolçu ölkəmizdə yüksək nəticələr qazanmağa iddialı olduğunu bildirib. “UEFA Avropa və ya Konfrans liqalarında çıxış etmək ən böyük arzumdur. Amma unutmamalıyıq ki, "Kəpəz" uzun müddətdən sonra ilk dəfədir əsas liqaya qayıdıb. Hazırda əsas hədəfim komandaya mümkün qədər çox xal qazandırmaqdır. Sonrasına baxarıq. Sözsüz, ötən il Litvada yaxşı mövsüm keçirdim və 16 qolla bombardir oldum. Burada da özümü rahat hiss edirəm. İnanıram ki, bu komandada da çoxlu qollar vuracağam, məhsuldar ötürmələr edəcəyəm. Hər bir addımımda komandama faydalı olmağa çalışacağam”, - deyə futbolçu əlavə edib.

Müsahibimiz sonda azarkeşlərə inandığını, futbolçuları dəstəklədiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: “Azarkeşlərimizi bütün ev oyunlarımızda bizə dəstək olmağa çağırıram. Yaxşı komandayıq. Təcrübəli baş məşqçimiz var. Biz Gəncədə və Azərbaycanın digər şəhərlərində də uğurla çıxış edəcəyik”.

Qeyd edək ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçi qış transferində Litvanın “Babrunqas” klubundan “Kəpəz”in heyətinə azad agent kimi qoşulub.

Xəbər 251 dəfə oxundu.