“Qarabağ” səfərdə “Turan Tovuz”a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun növbəti matçı keçirilib.

Günün ilk matçında “Qarabağ” Tovuz səfərində “Turan”la qarşılaşıb.

Oyun “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı “Qarabağ” açıb. Onuncu dəqiqədə fərqlənən Musa Qurbanlının qoluna rəqib komandadan 23-cü dəqiqədə Runi Eva cavab verib. Cəmi 4 dəqiqə sonra Ramil Şeydayev yenidən “Qarabağ”ın üstünlüyünü təmin edib. Matçın sonunda daha 2 qol vurulub. Oyunun 85-ci dəqiqəsində “Turan Tovuz”dan Ehtiram Şahverdiyev hesabı bərabərləşdirib. Qarşılaşmanın 89-cu dəqiqəsində isə Bəhlul Mustafazadə fərqlənərək görüşün yekun nəticəsini müəyyənləşdirib.

Xallarının sayını 53-ə çatdıran “Qarabağ” turnir cədvəlində ilk pillədəki mövqeyini qoruyub. “Turan Tovuz” isə 17 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Xəbər 144 dəfə oxundu.