Formula 1: “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb
Aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) satış və kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev ilkin mərhələdə yarışa xaricdən daha çox marağın olduğunu bildirərək deyib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr arasında ilk üçlükdə müvafiq ardıcıllıqla Niderland, Böyük Britaniya və Gürcüstan yer alır. İndiyədək azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib. Düşünürük ki, Bakıda ilk dəfə keçiriləcək sprint yarışı da satışların artmasına öz təsirini göstərib”.

Hazırda biletlərin 90-a yaxın ölkədən alındığını qeyd edən S.Gülmalıyev Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ, Meksika kimi ölkələrin azarkeşlərinin üstünlük təşkil etdiyini bildirib.

Qeyd edək ki, sayca yeddinci dəfə keçiriləcək ilin ən mötəbər idman yarışına biletlər dekabrın 15-dən satışdadır. Sürətsevərlər Formula 1 Azərbaycan Qran-Prisini yerində canlı izləmək üçün biletləri BŞH-nin rəsmi internet səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər.

Xəbər 192 dəfə oxundu.