“Australian Open” turnirində erməni əsilli idmançıdan ölkəmizə qarşı təxribatçı addım
“Böyük dəbilqə” seriyalı “Australian Open” tennis turnirində xoşagəlməz hadisə baş verib. Kişilərin yarışında 1/16 final oyununa çıxan erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov etdiyi mənfur hərəkətlə diqqət çəkib. Belə ki, K.Xaçanov ABŞ-dan olan rəqibi Frensis Tiafonu 3:1 hesabı ilə məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb.

O, obyektivin üzərinə “Artsax, möhkəm ol” sözlərini qeyd edib. Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, K.Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib.

Azərbaycan Tennis Federasiyası bu təxribatın yolverilməz olduğunu nəzərə alaraq Beynəlxalq Tennis Federasiyasına (ITF) etiraz məktubu göndərib. Məktubda ölkəmizə qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunub. Azərbaycan Tennis Federasiyası bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub.

Xəbər 314 dəfə oxundu.