Rusiyalı mütəxəssis qadın şahmatçılardan ibarət millimizə hazırlıq keçəcək
Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Y.Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Şahmatçıların hazırlığı fərdi inkişafa uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Y.Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa kuboku yarışının qalibi olub. Hazırda şahmatçı 2694 xal ilə FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.

Xəbər 185 dəfə oxundu.