Yeniyetmə və gənc kikboksçular ilin ilk yarışında güclərini sınayıblar
“Xəzər” kikboksinq klubunun ikinci açıq çempionatı keçirilib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və birinci vitse-prezident Ramal Aslanovun dəstəyi ilə keçirilən yarışın açılış mərasimində yeniyetmə və gənc kikboksçulardan ibarət millimizin baş məşqçisi Hikmət Hacıyev iştirak edib. O, bütün idmançılara uğurlar arzulayıb.

Yarışda paytaxt və bölgələrdən 25 klubun tərkibində 320 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Çempionatda Hikmət Hacıyevin rəhbərliyi altında uğurla çıxış edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 21-i qızıl, 6-sı gümüş, 7-si bürünc olmaqla 34 medal qazanıb.

Əməkdar məşqçi Hikmət Hacıyev idmançıların çıxışını yüksək qiymətləndirərək deyib: “Yarış yüksək səviyyədə keçdi. Bizim üçün ilin ilk yarışı idi. Bunun öhdəsindən layiqincə gəldik. Qarşıda bizi xeyli yarış gözləyir. İndi əsas diqqətimiz növbəti turnirlərə yönəlib”.

Xəbər 332 dəfə oxundu.