Azərbaycan və Gürcüstanın OCEP məktəbliləri Tbilisidə görüşüblər
Milli Olimpiya Komitəsinin “OCEP” layihəsi çərçivəsində Gürcüstanın AİA-GESS gimnaziyası ilə qardaşlaşmış Azərbaycanın Namiq Həmzəyev adına 238 nömrəli məktəbinin Tbilisiyə səfəri olub.

Məktəbin 8-ci və 9-cu sinif şagirdləri ingilis dili dərsləri, yaradıcılıq fəaliyyətləri və hər iki xalqın mədəniyyət günlərini özündə əks etdirən zəngin proqramın iştirakçısı olublar. Məktəblilərin Gürcüstan Olimpiya Komitəsinə səfər etmələri isə yeniyetmələrə unudulmaz anlar yaşadıb.

Gürcüstanın Milli Olimpiya Komitəsində reallaşan görüşdə hər iki məktəbin şagirdləri Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelovla görüşüb. Ölkələr arasındakı münasibətlər, Olimpiya hərəkatı və Olimpiya prinsipləri haqqında danışılan görüşdə Gürcüstan Milli Olimpiya Komitəsinin Baş katibi Emzar Zenaişvili və beynəlxalq əlaqələr şöbəsinin direktoru Rusiko Aptsiauri də iştirak ediblər.

Görüşdən sonra OCEP məktəbliləri Gürcüstan Milli Olimpiya Komitəsinin muzeyi ilə tanış olublar. Səfər müddətində məktəblilər şəhər turuna qatılıb, qədim Tbilisi, Botanika bağı, Sülh körpüsündə olublar. Məktəblilərin Mtskxeta şəhərinə səfəri də maraqlı keçib. Məktəblər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Xəbər 237 dəfə oxundu.