Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib
Respublikamızda 30-cu Oilmpiya idman kompleksi gələn ay istifadəyə veriləcək
Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib. Kanalın Azərbaycanla bağlı hazırladığı verilişin əsas istiqamətlərindən bu gün ölkədə aparılan gənclər siyasəti və Azərbaycanın sabahı olan gənclərlə bağlı planlar, onların problemlərinin həlli istiqamətində görülən işlərin işıqlandırılmasıdır.
Nazir, Azərbaycanın əhalisinin 66%-ni gənclərin təşkil etdiyini, 200-dən artıq gənclər təşkilatlarının ölkədə aktiv fəaliyyət göstərdiyini, nazirliyin təşkilatlar tərəfindən həyata keçirilən bir çox layihələri maliyyələşdirdiyini, gənclərin problemləri ilə daha yaxından tanış olmaq üçün “Etibar telefonu”nun daim aktiv olduğunu diqqətə çatdırıb.
Azad Rəhimov: “2005-2009-cu illəri əhatə etmiş Azərbaycan gəncliyi Dövlət proqramını böyük uğurla bitirdik. Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni, 2011-2015-ci illəri əhatə edən yeni proqramın hazırlanması ilə bağlı Sərəncam imzaladı ki, bu da gəncliyin daha müasir və maraqlı tələblərini özündə əks etdirən bir proqram olacaq. ”
Eyni zamanda, Azad Rəhimov bu gün gənclərin işsizlik, təhsil problemlərindən də söz açıb. “Hər bir gənc yaxşı iş axtardığı kimi, hər bir qurum da yaxşı işçi tələb edir. Burada 2 əsas problem var. Düzgün axtarışın və yüksək intellektin olmaması. Əminəm ki, bacarıqlı, kompüter, dil biliklərinə malik, yüksək intellekti olan gənclər daim iş tapa bilərlər.”
Nazir , bir zamanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərini təhsil almaları üçün Rusiya, Ukraynanın bir sıra nüfuzlu universitetlərinə göndərdiyini, bu gün bu siyasətin cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib, bu gün dövlət hesabına dünyanın bir sıra nüfuzlu universitetlərində təhsil alan tələbələrin olduğundan söz açıb.
Azad Rəhimov: “Biz İngiltərə, Fransa, Almaniyada təhsil alan bir sıra tələbələrlə görüşlər keçirmişik. Növbəti görüşlərimiz Vyana və Moskva şəhərlərində, Türkiyə Respublikasında olacaq. Hər bir görüş zamanı biz tələbələrin problemləri ilə maraqlanır, onların istəkləri ilə yaxından tanış oluruq.”
Nazir eyni zamanda ölkədə fəaliyyət göstərən və tikilməkdə olan Olimpiya İdman Kompleksləri, Gənclər evləri haqda da məlumat verib. Qeyd edək ki, son 11 ildə ölkəmizin 29 şəhər və qəsəbəsində müasir Olimpiya idman kompleksi tikilib istifadəyə verilib. 30-cu belə idman qurğusu gələn ay İmişli şəhərində istifadəyə veriləcək.
Bundan başqa ayrı-ayrı idman növləri üzrə də idman mərkəzləri inşa edilib.

Xəbər 1579 dəfə oxundu.