Builki Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı son 6 yarışla müqayisədə rekord həddə yüksəlib
Cari ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir. Bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artıb.

Göstəricilər son 6 yarışla müqayisədə rekord həddə yüksəlib. Biletlər ötən il dekabrın 15-dən satışdadır və yarışı izləmək istəyənlər 20 faiz endirimlə təklif olunan kampaniyadan yanvarın 15-dək yararlana bilərlər. Ümumilikdə biletlər yarışadək satışda olacaq.

İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır. Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 244 dəfə oxundu.