Xüsusi olimpiyaçılarımızdan yeni uğurlar gözləyirik
Yola saldığımız 2022-ci il Azərbaycanın xüsusi olimpiyaçıları üçün də uğurlu olub. Bir-birindən maraqlı idman yarışlarında uğurları ilə yadda qalan, güclü potensial nümayiş etdirən, bacarıqlı, cəsur və inadkar atletlərimiz qarşıya qoyduqları hədəfə çatmaq üçün yenə də bütün maneələri aşmağa müvəffəq olublar. Onlar idmanın voleybol, basketbol, stolüstü tennis, florbol, futbol, badminton və digər növlərində keçirilən yarışlarda qalib olmaq üçün yorulmadan çalışıblar, sonda zirvəyə ucalıblar.

Atletlərimizin qarşısında duran əsas hədəf bu il Almaniyada keçiriləcək dördilliyin ən nüfuzlu yarışı olan Xüsusi Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq idi. Komandamız bu dəfə də məqsədə nail olaraq Olimpiadada adını böyük heyətlə təmsil olunacaq yığmaların sırasına yazdırıb.

İyunda Berlində keçiriləcək növbəti Olimpiadada ölkəmiz idmanın 10 növü üzrə 50 nəfərdən ibarət heyət ilə təmsil olunacaq. Atletika, basketbol, cüdo, badminton, həndbol, pauerliftinq, stolüstü tennis, üzgüçülük, voleybol, bədii gimnastlardan ibarət komandalarımızdan ikisi UNIFIED (inklüziv birləşmiş idman komandası) proqramında iştirak edəcək. Bunlar voleybolçular və badmintonçulardır. Bədii gimnastlarımızın isə ilk dəfə Olimpiadada təmsil olunacağını xüsusi vurğulamalıyıq.

Onu da qeyd etməliyik ki, ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəmizə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura xüsusi olimpiya üzrə məşqçilik və hakimlik kursları keçib. Artıq paytaxtımızda və bölgələrimizdə bədii gimnastika və gimnastika hamı üçün bölmələri fəaliyyətə başlayıb.

Ötən il xüsusi olimpiyaçılarımızın böyük fəallıqla iştirak etdikləri müxtəlif növlər üzrə Olimpiadaya seçmə yarışları, Avropa futbol, basketbol həftələri çərçivəsində turnirlər, əlamətdar günlərə həsr olunmuş yarışlar, həmçinin xatirə turnirlərinin keçirilməsi daha potensiallı və perspektivli atletləri müəyyənləşdirdi. Yarışlara xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərinin, məzunlarının, eyni zamanda, xüsusi ailələrdən olan idmançıların qatılması mübarizənin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Bəzi yarışların “UNIFIED Sports” proqramına uyğun keçirilməsi xüsusilə təqdirəlayiq idi. Belə yarışlarda xüsusi olimpiyaçıların sağlam idmançılarla birgə mübarizə aparması mühüm əhəmiyyət kəsb edirdi. Bu, həm də sağlam həyat uğrunda birgə mübarizə idi.

Beynəlxalq arenalarda keçirilən yarışlarda xüsusi olimpiyaçılarımız məharət göstərib, parlaq nailiyyətlər qazanıblar. Ötən ilin iyun ayında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol komandasının Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq turnirdə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə ucalması böyük qələbə idi. Bir ay sonra isə İsveç Krallığının Höteburq şəhərində keçirilən beynəlxalq “Gothia” kuboku turnirində həm oğlanlar, həm də qızlardan ibarət yığmalarımızın qızıl medal qazanmaları isə əsl bayram sevinci yaşatdı. Bununla da Azərbaycanın xüsusi olimpiyaçıları qarşıya qoyduqları hədəfə çatmaqla, sözün həqiqi mənasında, fədakarlıq göstərdiklərini bir daha sübut etdilər.

Bu gün xüsusi olimpiyaçılarımızın hər birinin dilindən “Mənə qalib gəlmək imkanı verin, qalib gələ bilməsəm də, cəsarətli olum” şüarını eşidirik. Bəli, heç bir maneə, sədd tanımadan bacarıqlarını inkişaf etdirməklə sağlam həyata can atan və hədəfə çatmaq üçün fədakarlıq nümunələri göstərən bu idmançıların hər biri qalibdir!

Biz cari ildə Berlində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında komandamıza uğurlar diləyir və idmançılarımızdan yeni qələbələr gözləyirik.

Xəbər 189 dəfə oxundu.