“Vüqar Həşimov Memorialı-2022”: Blits yarışlarına start verilib
Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnir davam edir.

Turnirdə blits yarışlarına start verilib.

Turnirdə Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, özbəkistanlı Nodirbek Abdusattorov, Rumıniya təmsilçisi Riçard Rapport, ABŞ idmançısı Semuel Şenklend, ispaniyalı Fransisko Valeho Pons, hindistanlı Qukeş Dommaracu və çinli Van Hao mübarizə aparırlar.

Rapid yarışlarının yekununa görə, hesabında 14 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. V.Pons və R.Məmmədov 12 xalla 2-3-cü pillələri bölüşürlər. V.Hao 10 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov 8 xalla 5-6-cı, A.Qədimbəyli, Q.Dommaracu 7 xalla 7-8-ci, S.Şenklend və A.Süleymanlı isə 6 xalla 9-10-cu yerlərdə qərarlaşıblar.

Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Xəbər 194 dəfə oxundu.