Rəsul Çunayev: “Qəhrəmanların varisləri”nin gələcəkdə idmançı kimi yetişəcəyinə ümid edirəm
Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası bir neçə layihə həyata keçirib. Əsas layihələrdən biri qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə yaradılıb və “Qəhrəmanların varisləri” adlanır.

Bu barədə müsahibəsində Atletlər Komissiyasının üzvü, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev bildirib.

Layihə çərçivəsində güləş, cüdo, taekvondo üzrə uşaq və yeniyetmələrin idmana cəlb edilməsi üçün bir sıra işlərin görüldüyünü vurğulayan güləşçi qeyd edib ki, gələcəkdə onların idmançı kimi yetişəcəyinə ümid edir: “Uşaqlar maraq göstərdikləri idman növlərini seçiblər və həvəslə məşqlərə davam edirlər. Güləşlə məşğul olmaq istəyən beş uşaq mənə müraciət etdi. Onlardan dördü davamlı olaraq məşqlərə qatılır. Məşqçiləri ilə də tez-tez əlaqə saxlayır və hər cür dəstək göstəririk. Ümid edirəm ki, bu layihənin iştirakçıları gələcək yarışlarımıza qatılıb nailiyyət əldə edəcəklər”.

Komissiyanın üzvü deyib ki, gələn il digər idman növlərinin də layihədə yer alması üçün işlər davam etdiriləcək: “Güləş, cüdo, taekvondo ilə yanaşı, digər idman növlərinin də layihədə yer alması üçün görülən işlər davam edir. Bundan əlavə, aztəminatlı ailələrin övladlarının da idmana cəlb edilməsi ilə bağlı da layihələrimiz hazırlanır”.

Xəbər 190 dəfə oxundu.