“Vüqar Həşimov Memorialı-2022”nin ilk günü Nodirbek Abdusattorov üçün uğurlu olub
Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub.

Turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayacaq.

Birinci oyun günündə 3 turun oyunları keçirilib. İlk turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenklendə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov isə ispaniyalı Valeho Ponsa qalib gəlib.

İkinci turda R.Məmmədov Q.Dommaracuya, V.Pons R.Rapporta, N.Abdusattorov A.Süleymanlıya, V.Hao isə A.Qədimbəyliyə qalib gəlib. Ş.Məmmədyarov isə S.Şenklendlə heç-heçə edib.

Günün sonuncu turunda R.Məmmədov V.Hao, A.Qədimbəyli isə S.Şenklendlə sülhə razılaşıb. A.Süleymanlı R.Rapporta, Ş.Məmmədyarov N.Abdusattorova, Q.Dommaracu isə V.Ponsa məğlub olub.

Hesabında 6 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 4 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur.

Dekabrın 19-da növbəti 3 turun oyunları keçiriləcək.

Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Xəbər 281 dəfə oxundu.