Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışında 6 mövsümün rekordu qeydə alınıb
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb.

Ötən illərlə müqayisədə rekord rəqəmlər qeydə alınıb.

Yarış üçün erkən bilet satışına dekabrın 15-də start verilib. Bir sutka ərzində bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq, son 6 mövsümün rekordu həddinə yüksəlib.

Bakıda yeddinci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırkı nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.

İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da təşkil olunacaq.

Xəbər 196 dəfə oxundu.