İki cavabsız qol, ardıcıl final həyəcanı
Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Mərakeş seçməsini 2:0 hesabı ilə məğlub edərək finalına yüksəlib. Bu matç Fransa millisi üçün bir çox göstəricilər üzrə əlamətdar olub.

Fransalı hücumçu Randal Kolo Muani yarımfinal matçında meydana çıxandan 44 saniyə sonra fərqlənməyi bacarıb və bu göstərici ilə o, üçüncü olub. Uruqvaylı Riçard Morales 2002-ci ildə (16 saniyə) və danimarkalı Ebbe Sand 1998-ci ildə (26 saniyə) daha tez qol vurublar.

Fransa millisi dünya çempionatları tarixində fasiləyə üstün yollandığı matçda heç vaxt məğlub olmayıb. Komandanın bu göstərici üzrə aktivində 25 qələbə və 1 heç-heçə var.

Fransa komandası ardıcıl ikinci dəfə dünya çempionatlarının finalına vəsiqə qazanan altıncı yığma olub. Daha əvvəl İtaliya, Braziliya, Niderland, Almaniya və Argentina bu uğura imza atıblar.

Baş məşqçi Didye Deşam komandasını ardıcıl ikinci dəfə həlledici mərhələyə çıxaran dördüncü mütəxəssis kimi tarixə düşüb.

Dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək final oyununda Fransa millisi Argentina yığması ilə qarşılaşacaq.

Xəbər 206 dəfə oxundu.