Fransa millisi ardıcıl ikinci dəfə dünya çempionatının finalında
Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının finalına yüksəlib.

Komanda yarımfinal mərhələsində Mərakeş yığması ilə qarşılaşıb. “Əl Beyt” stadionunda oynanılan matçda mərakeşli futbolçular erkən qola üzülüblər. Matçın 5-ci dəqiqəsində fransalı Teo Ernandes hesabı açıb. Fransa millisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə də fərqlənən tərəf Fransa millisi olub. Oyunun 79-cu dəqiqəsində Randal Kolo Muani hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Fransa millisi tarixində ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib.

Dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək final oyununda Fransa millisi Argentina yığması ilə qarşılaşacaq.

Xəbər 293 dəfə oxundu.