Argentina millisi – dünya çempionatının ilk finalçısı
Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının finalına yüksələn ilk komanda olub.

Komanda yarımfinal mərhələsində Xorvatiya yığması ilə qarşılaşıb. “Lusail” stadionunda oynanılan matçda hesabı 34-cü dəqiqədə Argentina millisinin hücumçusu Lionel Messi açıb. Penalti zərbəsini dəqiq yerinə yetirən forvard komandasını hesabda önə keçirib. Beş dəqiqə sonra argentinalı futbolçu Xulian Alvares fərqlənməklə rəqibi meydanın mərkəzinə dəvət edib. Görüşün birinci hissəsi Argentina millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Argentina seçməsi ikinci hissədə də inamlı oyun nümayiş etdirib. Matçın 69-cu dəqiqəsində Lionel Messinin ötürməsini Xulian Alvares qolla tamamlayıb və dubla imza atıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Argentina seçməsi mundialın finalına yüksəlib.

Komandanın həlledici oyunda rəqibi Mərakeş-Fransa qarşılaşmasının qalibi olacaq. Mərakeş-Fransa matçı dekabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər 163 dəfə oxundu.