Badmintonçularımız Maltada bir dəst medal qazanıblar
Badmintonçularımız Maltanın Kospikua şəhərində keçirilən “Future” seriyalı “Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Milli komandamızın lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb. Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuz finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edi həlledici görüşdə Bolqarıstan badmintonçusu Dimitar Yanakievlə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final görüşü 3 set davam edib. Badmintonçumuz ilk setdə 21:19 hesablı üstünlük əldə etsə də, bolqar idmançı ikinci hissədə 21:17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə rəqibinə 21:14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo “Malta International 2022” turnirini qalib başa vurub.

Millimizin hesabına daha 2 medal kişi və qadın badmintonçuların qoşa yarışında yazılıb.

Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20-22,15-22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8-21,11-21) hesabı ilə uduzaraq turniri üçüncü sırada başa vurub.

Xəbər 348 dəfə oxundu.