Şahmatçılarımız Dağıstanda Əziz Əliyevin xatirə turnirində
Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turnirinə start verilib.

Yarışdan əvvəl qonaqlar və təşkilatçılar Mahaçqalada yerləşən Əziz Əliyevin abidəsini ziyarət edərək görkəmli dövlət xadiminin xatirəsini anıblar.

Sonra yarışın açılış mərasimində AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, FIDE-nin sabiq rəhbəri Kirsan İlyumjinov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə çıxış edənlər görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin həyat yolundan və tarixi xidmətlərindən danışıblar.

Qeyd edək ki, şahmat turnirində ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil edəcəklər.

Turnir dekabrın 9-dək davam edəcək.

Xəbər 312 dəfə oxundu.